“Worldfood Moscow” sərgisinin 2-ci günündə Azərbaycan şirkətləri 11 müqavilə imzalayıb

“Xanel” şirkətinin Rusiyanın distributor şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən bu ölkəyə 80 ton fındıq ixrac olunacaq

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 17:38

Rusiyanın Moskva şəhərində keçirilən və Azərbaycanın yeganə eksklüziv partnyor olduğu “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin 2-ci günündə də yerli şirkətlər bir sıra müqavilələr imzalayıblar.

İqtisadiyyat Nazirliyindən İnterAz-a verilən məlumata görə, Azərbaycanın fındıq istehsalçısı olan “Xanel” şirkəti Rusiyaya 40 ton fındıq ixracına dair bu ölkənin müvafiq sahədə fəaliyyət göstərən şirkəti ilə müqavilə imzalayıb. “Xanel” şirkətinin Rusiyanın distributor şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən bu ölkəyə 80 ton fındıq ixrac olunacaq.

Azərbaycanın meyvə-tərəvəz məhsulları ilə yanaşı, şirniyyatları da “Worldfood Moscow” sərgisinin ziyarətçiləri və Rusiya şirkətləri tərəfindən maraqla qarşılanıb. 

Bundan başqa, sərgi zamanı Azərbaycanın “Əmin qida sənaye” MMC şirkəti şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair bu ölkənin distributor şirkəti ilə razılıq əldə edib.

Ümumilikdə, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin işə başladığı ilk 2 gün ərzində Azərbaycanın fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalanıb.