Azərbaycanda aksiz vergiləri artırıla bilər

Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 12:22

"Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) hər hansı müraciət daxil olmayıb".

İnterAz "APA-Economics"ə istinadən xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib.

Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: "Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: "Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".