Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib

Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 16:45

Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai Şuraya seçkilərin vaxtı dəqiqləşib.

Nazirlikdən İnterAz-a bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa  bu qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli, 89 nömrəli fərmanına və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Energetika Nazirliyi yanında İctimai Şura üzvlüyünə 9 nəfərin namizədliyi qeydə alınıb. İctimai Şuraya seçkilər oktyabrın 24-də nazirliyin iclas zalında keçiriləcək.

Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. İctimai Şura üzvlüyünə 11 nəfərin namizədliyi qeydə alınıb. İctimai Şura üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda İctimai Şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək. 

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı ətraflı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (http://www.minenergy.gov.az/) mütəmadi yerləşdiriləcək.