Bakıda beynəlxalq neft sammiti keçirilir

Sammit Xəzər regionunda əsas görüşlərdən biri sayılır

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 10:46

Bu gün Bakıda "Argus Media" beynəlxalq neft sammiti işinə başlayıb.

İnterAz "APA-Economics"ə istinadən xəbər verir ki, iki gün davam edəcək tədbirin əsas tərəfdaşı SOCAR-dır.

Sammit Xəzər regionunda əsas görüşlərdən biri sayılır və beynəlxalq neft, nəqliyyat, ticarət şirkətlərinin, habelə nazirliklərin 250-dən çox rəhbər şəxsini bir araya gətirib. Tədbirin iştirakçıları arasında energetika nazirinin müavini Natiq Abbasov, SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz yer alıb.

İştirakçılar neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.