Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olub

Bakı, Nazilə Xaqani, İnteraz - 20 Oktyabr 2017, 12:45

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil edib.

Bu barədə İnterAz-a Fonddan məlumat verilib.

2017-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 12,9 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 582,4 milyon manat təşkil edib.