Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıb - İlham Əliyev

Bu gün neftdən asılılıq azalır

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 17:58

"İqtisadi sahə ilə bağlı. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq".

İnterAz-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Ölkə başçısı bildirib ki, bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir.

Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək.