İpoteka və Kredit Zəmanət Fondu mənfəətini 2 dəfə artırıb

İllik bölüşdürülməmiş mənfəətini isə 2,1 dəfə artıraraq 15 mln. manata çatdırıb

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 12 Yanvar 2018, 15:26

 2017-ci ildə İpoteka və Kredit Zəmanət Fondu (“Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin hüquqi varisi) aktivlərini, təxminən, 40% artıraraq 958,2 mln. manata, illik bölüşdürülməmiş mənfəətini isə 2,1 dəfə artıraraq 15 mln. manata çatdırıb.

 

İnterAz xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

 

Məlumatda deyilir ki, ötən il ipoteka kreditləşməsi ilə bağlı müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 müraciət daxil olub, 203,1 mln. manat məbləğində 3 109 kredit verilib. Bunun 1 076 ədədi (70,6 mln. manatı) güzəştli ipoteka kreditlərinin payına düşüb. Verilmiş kreditlərin 2 860 ədədi (184,2 mln. manatı) təkrar maliyyələşdirilib.

 

Ümumilikdə, 2006-2017-cı illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21 300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6 238 ədədini) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.