“Azərsu” Bakının daha bir küçəsinə yeni su kəməri çəkir

Yeni xəttin istismara verilməsilə bu ərazidə yaşayan əhalinin içməli su təchizatında dayanıqlıq təmin olunacaq

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 12 Yanvar 2018, 15:47

“Azərsu” ASC Bakının Nəsimi rayonunun Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisini sürətləndirib. 

 

İnterAz xəbər verir ki, bu barədə  qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda deyilir ki, bu işlər həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.

 

Qeyd edək ki, M.Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunurdu. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranırdı. 

 

Yeni layihə çərçivəsində M.Davudoğlu küçəsindən keçən mövcud magistral xətt yenisi ilə əvəzlənir. Bu məqsədlə 280 mm olan polietilen borularla 1 km uzunluğunda yeni magistral su xətti çəkilir və ətraf küçələrə çıxışlar verilir.

 

Magistral kəmərin tikintisi başa çatdıqdan sonra bütün evlər yeni çəkilmiş xətlərə qoşulacaq və mövcud kəmərin fəaliyyəti dayandırılacaq.

 

Tikinti işlərinin yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur. Yeni xəttin istismara verilməsilə bu ərazidə yaşayan əhalinin içməli su təchizatında dayanıqlıq təmin olunacaq.