“Şahdəniz-2” üzrə qaz hasilatına sentyabrda start veriləcək

2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Yanvar 2018, 13:33

 Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. İnteraz xəbər verir ki, bu barədə “Natural Gas World” nəşrinə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

 

Məlumata görə, bu il hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub.

 

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

 

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.