Şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürüləcək - Mikayıl Cabbarov

Bu barədə vergilər naziri Mikayıl Cabbarov fevralın 13-də Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı deyib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 14:54

Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. Nazirlik “Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin edəcək.

 

İnterAz xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov fevralın 13-də Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı deyib.

 

"Nazirlik üçün əsas məqsəd bu il bütün vergiödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün nazirlik vergiödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək.

 

Nazir M.Cabbarov diqqətə çatıdırıb ki, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır: “Biz başa düşürük ki, son illər büdcə daxilolmalarının təmin edilməsi məqsədilə vergi ödəyiciləri üzərinə fiskal təzyiqlərin artması, bir sıra hallarda vergi orqanları tərəfindən aqressiv vergi yığımı ilə bağlı atılmış addımlar sahibkarlığın mövcud durumuna adekvat olmayıb. Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir”.

 

Nazir əlavə edib ki, haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürüləcək: “Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək.