Ötən il xarici ticarət dövriyyəsi 24 mlrd. dollar təşkil edib

2017-ci ilin yanvar-dekabr aylarında 1 538,4 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4%, real ifadədə isə 22,2% çoxdur

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Fevral 2018, 11:04

2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal olunub.

 

 

 

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24 257,6 mln. dollar, o cümlədən ixracın dəyəri 15 475,6 mln. dollar, idxalın dəyəri 8 782,0 mln. dollar təşkil edib, nəticədə 6 693,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

 

 

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3% artıb, real ifadədə isə 10,7%, o cümlədən ixrac 7,1%, idxal 16,1% azalıb.

 

 

 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,9%-ni İtaliyaya, 9,9%-ni Türkiyəyə, 4,6%-ni İsrailə, 4,3%-ni Rusiyaya, 4,0%-ni Çexiyaya, 3,9%-ni Kanadaya, hər biri 3,4% olmaqla Gürcüstan və İndoneziyaya, 3,3%-i Almaniyaya, hər biri 3,2% olmaqla Portuqaliya və Çinə, 2,6%-ni Hindistana, 2,5%-ni Ukraynaya, 2,4%-ni Fransaya, qalan 17,4%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

 

 

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7%-i Rusiya, 14,5%-i Türkiyə, 9,7%-i Çin, 8,2%-i ABŞ, 5,2%-i Ukrayna, 5,1%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,0%-i Braziliya, 1,9%-i Yaponiya, hər biri 1,8% olmaqla Norveç və Fransa, 23,1%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

 

 

2017-ci ilin yanvar-dekabr aylarında 1 538,4 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4%, real ifadədə isə 22,2% çoxdur.