Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib

"Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir"

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 14 Fevral 2018, 11:06

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) görüş keçirilib.

 

İnterAz xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann daxildir. Görüşdə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edib.

 

Almaniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin Azərbaycana investisiya yatırmasına cəlb olunması, “Azərbaycan-Almaniya informasiya-kommunikasiya texnologiyaları Forumu”nun təşkili, beynəlxalq avtomobil daşımaları və İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi kimi bir çox məsələlər görüşün müzakirə mövzusu olub.

 

Qonaqları salamlayan naziri Ramin Quluzadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçılarının səfərləri əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bildirilib ki, Almaniya ilə tranzit trafik ötürülməsi, radio və televiziya yayımı, nanotexnologiyalar, beynəlxalq sərnişin və yük daşımaları, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq edilir.