Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini bildirib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Fevral 2018, 16:36

Fevral 14-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

 

İnterAz xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini bildirib.

 

Z.Səmədzadə “Texniki tənzimləmə haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, bu sənəd 4 fəsil, 18 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci və 24-cü bəndlərinə uyğun olaraq, insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabilliyətliyinin artırılması məqsədi ilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir. Qeyd olunub ki, bu yeni qanun insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabət qabiliyyətliliyinin artırılması məqsədi daşıyır.

 

Sonra 6 fəsil, 27 maddədən ibarət olan “Standartlaşdırma haqqında” qanun layihəsinə baxılıb. Qeyd olunub ki, bu yeni qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 24-cü bəndinə uyğun olaraq, standartlaşmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Bildirilib ki, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. Bu yeni qanunun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir. Bu sənəd təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığı, təhlükəsizliyi ilə bağlı məcburi standartlara şamil edilmir.

 

Bundan əlavə deputatlar “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişiklikləri də nəzərdən keçiriblər. Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

 

Gündəlikdəki 9 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.