Səfir: Azərbaycana yatırılan sərmayələrin həcmi 230 milyard dolları ötüb

İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,7 milyard ABŞ dolları təşkil edib

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 14 Mart 2018, 12:57

İtaliyanın “exportiamo.it” internet portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc edilib.

 

İnterAz xəbər verir ki, “Azərbaycan: Avropa və Uzaq Şərq arasında strateji birləşdirici həlqə” sərlövhəli müsahibədə səfir Azərbaycan ilə İtaliya arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə ölkəmizin iqtisadi nailiyyətləri, sərmayə mühiti və iqtisadi imkanları barədə danışıb.

 

Azərbaycan bazarının əsas xüsusiyyətlərinin nədən ibarət olması ilə bağlı suala cavab olaraq diplomat təmsil etdiyi ölkənin zəngin təbii ehtiyatlara, böyük sənaye və kənd təsərrüfatı potensialına malik olduğunu, Şərq və Qərbin, Şimal və Cənubun qovuşuğunda mühüm geosiyasi və iqtisadi əhəmiyyətli ərazidə yerləşdiyini, dünya iqtisadiyyatına inteqrasiyası, enerji bazarında əhəmiyyətli iştirakçıya çevrilməsi, Azərbaycana böyük xarici sərmayələrin cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin infrastrukturun müasirləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü bildirib. Ölkəyə yatırılan sərmayələrin həcminin 230 milyard ABŞ dollarını ötdüyünü, bunun yarısının xarici sərmayələrin payına düşdüyünü və hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil etdiyini bildirib.

 

Son illərdə ölkəmizdə önəmli iqtisadi islahatların həyata keçirildiyini, Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatının 2017-ci ildə rəqabətlilik qabiliyyətinə əsasən iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdığını və bu göstəriciyə görə MDB məkanında lider dövlət olduğunu, ölkədəki sabitlik və təhlükəsizliyin bu nəticələrin əldə olunması və uzun müddətli dayanıqlı inkişafın təmin edilməsi üçün əsas amillər olduğunu deyib.

 

Azərbaycan və İtaliya arasında siyasi və ticarət əlaqələrinin cari vəziyyəti barədə suala cavabında diplomat bildirib ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr yüksək səviyyədədir və 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2017-ci ildə İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,7 milyard ABŞ dolları təşkil edib. Bu, 2016-cı ilə nisbətdə 232 faiz artım ilə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,91 faizinə bərabərdir.

 

Səfir Məmməd Əhmədzadə qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac istiqaməti və yeddinci təchizatçısıdır. 2017-ci ildə Azərbaycanın İtaliyanın ən böyük xammal təchizatçısı olduğunu, İtaliyanın ümumi xam neft təchizatının 18,6 faizinin Azərbaycanın payına düşdüyünü və TAP layihəsinin həyata keçirilməsi ilə İtaliyaya, həmçinin qaz ixrac edəcəyimizi deyib. Bildirib ki, Azərbaycanda yüksək keyfiyyətli xidmət və məhsullara tələbin artması “Made in Italy” brendi üçün geniş imkanlar açıb və Azərbaycanda italyan şirkətlərinin sayı artmaqdadır.