Azərbaycanda 4 ayda 1,8 tona yaxın qızıl hasil olunub

Bu ilin yanvar-aprel ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 249,0 kq-a çatıb

Bakı, Nərgiz Quliyeva, İnteraz - 16 May 2018, 15:24

Azərbaycanda 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 758,2 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur.

 

 bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

 

Rəsmi statistikaya əsasən, 1 aprel 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 54,0 kq təşkil edib.

 

Bu ilin yanvar-aprel ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 249,0 kq-a çatıb.

 

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

 

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

 

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.