Azərbaycanın ixracının yarıdan çoxu 5 ölkənin payına düşür

Dövlət Gömrük komitəsinin verdiyi məlumata görə, ticarət dövriyyəsinin 17,32%-i məhz bu ölkənin payına düşüb

Bakı, Nərgiz Quliyeva, İnteraz - 16 May 2018, 16:47

 2018-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin ilk onluğu açıqlanıb. İtaliya yenə də Azərbaycanın əsas xarici ticarət tərəfdaşları arasında liderliyini qoruyub.

 

 Dövlət Gömrük komitəsinin verdiyi məlumata görə, ticarət dövriyyəsinin 17,32%-i məhz bu ölkənin payına düşüb.

 

Daha sonra Türkiyə (10,19%), Rusiya (7,89%), İsrail (6,08%), Almaniya (5,93%), İndoneziya (3,83%), Çin (3,73%), Çexiya (3,56%), Tayvan (3,27%) və ABŞ (3,08%) sıralanıb.

 

Beləliklə Azərbaycanın 10 ölkə ilə xarici ticarət dövriyyəsinin ölkənin məcmu ticarət ticarət dövriyyəsində xüsusi çəkisi 64,88%-ni təşkil edib.

 

Hesabata əsasən, İtaliya həm də Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkədir. Belə ki, ölkənin cəmi ixracının 24,75%-i İtaliyaya yönəlib. Daha sonra Azərbaycanın ixrac etdiyi əsas ölkələrin ilk beşliyində İsrail (9,17%) və Türkiyə (7,37%), İndoneziya (5,53%) və Tayvan (4,91%) yer alıb. Beləliklə ölkənin cəmi ixracının 51,73%-i bu beş ölkənin payına düşüb.

 

Yanvar-aprel ayları ərzində Azərbaycanın ən çox mal idxal etdiyi ölkə isə Rusiya (cəmi ixracın 17,4%-i) olub. Hesabata əsasən, Türkiyə (15,47%), Çin (10,14%), Almaniya (7,85%), ABŞ (4,69%) da ən çox mal idxal etdiyimiz ölkələr siyahısındadır. İdxalın 55,55%-i bu ölkələrdən həyata keçirilib.