Bu il BTC ilə 10,8 mln. ton neft nəql olunub

Dövr ərzində BTC kəməri ilə 2,009 mln. ton tranzit nefti də nəql edilib ki, bu da illik müqayisədə 5% azdır

Bakı, Nərgiz Quliyeva, İnteraz - 16 May 2018, 17:20

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 13 349,8 min ton neft nəql edilib.

 

 Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalma qeydə alınıb.

 

Nəqletmənin 81,4%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 861,6 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 0,17% azdır.

 

Dövr ərzində BTC kəməri ilə 2,009 mln. ton tranzit nefti də nəql edilib ki, bu da illik müqayisədə 5% azdır.

 

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.