Xaçmazda 2 kəndə təbii qaz verilib

Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 17 May 2018, 14:56

Xaçmaz rayonunun iki kəndinə təbii qaz verilib.

 

“Azəriqaz” İB-dən İnterAz-a verilən məlumata görə, Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

 

Bildirilib ki, 57 abonenti olan Çaxçaxlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 321 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 4 min 137 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 148 abonenti olan Seyidlikəndyeri kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 885 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 8 min 775 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində, eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.