Aqrar sahənin inkişafına nail olmaq üçün innovasiya metodları tətbiq edilməlidir

Onun sözlərinə görə, aqrar sahənin inkişafına nail olmaq üçün innovasiya və ən müasir suvarma metodları tətbiq edilməlidir

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 15:42

Bu gün Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin qarşısında mühüm vəzifələr – prioritet məsələlər qoyulub.

İnterAz "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri mayın 17-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Ələddin Eyvazov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, aqrar sahənin inkişafına nail olmaq üçün innovasiya və ən müasir suvarma metodları tətbiq edilməlidir. Bütövlükdə isə aqrar elmin inkişafı ilə bağlı ilk növbədə prioritet tədqiqatlar müəyyənləşdirilməli, onların tətbiqi məsələləri müzakirə edilməli, bu tədqiqatların kommersiyalaşdırılması məsələlərinə baxılmalıdır: “Hazırda dünyada, o cümlədən də Azərbaycanda innovasiya siyasətinin ən başlıca məqsədi texnoloji proseslərin səviyyəsinin yüksəldilməsi, rəqabətə davamlı məhsul istehsalının həcminin artırılmasıdır. Bu gün Azərbaycanda ÜDM-in strukturunda elmi təyinatlı məsələlərin həcmi 0,2 faiz təşkil edir. Lakin inkişaf etmiş ölkələrdə bu rəqəm 2-3 faiz arasındadır”.

Ə.Eyvazov yeni kadrların hazırlanması məsələsinə də toxunub. Bildirib ki, beynəlxalq tədqiqat mərkəzlərinə kifayət qədər kadrların ezam olunması, onların həmin mərkəzlərdə təlim və tədrisi nəzərdə tutulub.