Azərbaycanda brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir

Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 25 May 2018, 16:36

Bu ilin yanvar ayının əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib. 

 

İnterAz xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir. 

 

Məlumatda həmçinin deyilir ki, 2018-ci ilin 4 ayı ərzində brusellyoz xəstəliyinə qarşı 123 755 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 56 895 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

 

Həmçinin həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin 4 ayı ərzində 457 657 baş iribuynuzlu, 24 259 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2016-cı ilin may ayından ölkə üzrə xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayıb. Heyvanlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST-OİE və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan "Rev-1" göz damcısı vaksini ilə peyvənd olunur. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq olunur.

 

2017-ci ilin iyul ayından başlayaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib.

 

Peyvəndləmə “S-19 “ ştammı ilə aparılır. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

 

Peyvəndləmə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn “Brusella mellitenzisə” də qarşı əsasən uzunmüddətli immunitet yaradır.