Sabunçu-Zabrat yolunda hər gün yaranan tıxacın aradan qaldırılması üçün tədbirlər görülür

Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 11 Iyul 2018, 13:04

Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolunda hər gün yaranan tıxacın aradan qaldırılması üçün tədbirlər görməyə başlayıb. 

 

İnterAz xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib. 

 

Onun sözlərinə görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb. Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.