Bakıda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib

Özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyul 2018, 14:36

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.

 

İnterAz xəbər verir ki, tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak ediblər.  

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev tədbiri açaraq,  toxumçuluğun və tingçiliyin ölkə daxilində inkişafının, fermerlərin yerli istehsal məhsulu olan toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib.Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə toxum sektorunun inkişafının Strateji Hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb. 

 

“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir” – Mirzə Əliyev deyib. 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində bir sıra işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və  BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi”layihələri üzrə bir sıra işlər görülüb. 

 

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum-təmizləmə xətləri alınıb istifadəyə verildiyini bildirib.

 

Tədbir beynəlxalq təşkilatların nümayəndələrinin və özəl toxumçuların çıxışlarından sonra müzakirələr formasında davam edib.