Bu il Dövlət Məşğulluq Xidməti 10 rayonda əmək yarmarkası keçirib

Respublikanın digər şəhər və rayonlarında da əmək yarmarkalarının təşkili üçün müvafiq işlər aparılır

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 12 Iyul 2018, 17:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkənin 10 rayon və şəhərində (Daşkəsən, Naftalan, Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz, Quba, Qax, Neftçala, Bakının Qaradağ rayonu) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirib.

 

Nazirlikdən İnterAz-a verilən məlumata görə, yarmarkalarda həmin rayon və şəhərlər üzrə 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara öz seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. 

 

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. Ayrı-ayrı şəxslər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

 

Respublikanın digər şəhər və rayonlarında da əmək yarmarkalarının təşkili üçün müvafiq işlər aparılır.