Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsi açılıb

Bakıda II CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılışı olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Avqust 2018, 16:07

Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən SOCAR brendli ikinci sıxılmış təbii qaz (STQ - beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub.

 

SOCAR-dan İnterAz-a verilən məlumata görə, bununla da ümumilikdə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatıb. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

 

R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsib, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulayıb. Tədbirdə qeyd olunub ki, ikinci sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda ölkəmizdə 2,6 trilyon kubmetr təsdiqlənmiş və 7 trilyon kubmetr potensial qaz ehtiyatı mövcuddur. SOCAR ölkəmizdə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa Birliyi dövlətlərinə nəql edilməsi məqsədi daşıyan möhtəşəm Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə, dünyada enerji mənbələrinin diversifikasiyasına, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

 

SOCAR-ın prezidenti eyni zamanda qeyd edib ki, “Azərbaycan vətəndaşlarının, yanacaq istehlakçılarının daha səmərəli qaz yanacaqları ilə təchiz olunması daim diqqət mərkəzindədir. Təbii qazın hasilatı və nəqli istiqamətində qazanılan nailiyyətlər bizi ölkə daxilində sıxılmış təbii qaz məntəqələri şəbəkəsinin qurulması layihəsini həyata keçirməyə ruhlandırır:

 

"Qeyd etmək istəyirəm ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır. STQ benzinə görə karbon monoksid qazını 80% daha az emissiya edir. Bu layihəni həyata keçirməklə SOCAR ölkə ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir”.

 

Daha sonra SOCAR prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar. Bildirilib ki, yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb ki, onlardan 2-si STQ satışını həyata keçirəcəkdir. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. YDM-də nağdsız satış üçün POS-terminallar, “SOCAR” yanacaq kartı, “ASAN”, “E-manat” ödəniş terminalları, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. Məntəqədə 30 nəfər işçi çalışır.

 

Tədbirin sonunda SOCAR prezidenti R.Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.