“Aztelekom” gələn il 6 rayonda mis kabelləri optik kabellərlə əvəzləyək

Kabellərin yenilənməsi onların üzərindən daha çox informasiya ötürülməsinə imkan yaradacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 12:10

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom" MMC gələn il regionlarda internet təchizatı ilə bağlı magistral xətləri yenidən qurmağı planlaşdırır.  

 

İnterAz xəbər verir ki, bu barədə “Report”a açıqlamasında şirkətin şöbə müdiri Emin Quliyev məlumat verib. 

 

Onun sözlərinə görə, məqsəd internetin keyfiyyətini yaxşılaşdırmaqdır. 

 

“Kabellərin yenilənməsi onların üzərindən daha çox informasiya ötürülməsinə imkan yaradacaq. Bundan əlavə virtual ATS, SIP-telefoniya xidmətləri hazırlanıb ki, bu da hüquqi şəxslərə, şirkətlərə böyük imkanlar yaradıb. Artıq həmin müştərilər avadanlıq almadan çağrı mərkəzləri üçün həll kimi istifadə edə, zəngləri dinləyə, bununla bağlı statistikanı əldə edə bilərlər". 

 

“Aztelekom” rəsmisi onu da qeyd edib ki, bu il Azərbaycanın 4 rayonunda mis kabellər optik kabellərlə əvəz edilib: “Şəhəriçi paylayıcı şəbəkə yenidən qurulur. Mis kabelləri tamamilə optik kabellər əvəz edir. Hazırda 4 regionda bu işlərə başlamışıq. Bunlar Gəncə, Sumqayıt, Abşeron və Masallıdır. Gələn il isə işlərin yekunlaşması nəzərdə tutulub. Növbəti il daha 6 rayonda mis mərkəzlər optika ilə əvəz olunacaq. Bu isə internetin keyfiyyətinin daha da yüksəlməsi deməkdir”.