Bəzi ərzaqların qiyməti qalxıb

Son bir ayda ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb

  • 408

Bakı, Tural Səftərov, İnteraz - 04 Dekabr 2013, 17:23

Son bir ayda ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. İnterAz-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub. 

 

Ay ərzində qarabaşaq yarmasının, almanın, xurmanın, limonun, portağalın, naringinin, bananın, şabalıdın, kələmin, çuğundurun, kökün, göyərtinin, şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, çörəyin, makaronun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, armudun, heyvanın, narın, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

 

Noyabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, telefon faksimil cihazlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub. 

 

Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşıb. Xəstəxana xidmətlərinin, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.