“Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib

  • 0
    paylaşım
  • 210

Bakı, Orxan Kərimov, İnteraz, 19 Aprel 2017, 11:02

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” təqdim edildi. Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru Səfər Aşurov, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva, Azərbaycan irsinin təbliğində xidmətlərinə görə “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Milli irs mükafatı”na layiq görüldülər.