Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub

  • 0
    paylaşım
  • 26

Bakı, Orxan Kərimov, İnteraz, 24 Fevral 2018, 11:20

Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tamaşadan əvvəl Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri soyqırımı törədiblər. Bu qanlı qırğında 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq əlil olub, 26 uşaq hər iki valideynini itirib. Sonra tamaşaya baxış olub. “Badam ağacı çiçəkləyəndə” tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanıb.