Gürcüstanda Həzrəti Əlinin (ə) doğum günü ilə bağlı mərasim keçirilib

  • 0
    paylaşım
  • 18

Bakı, Orxan Kərimov, İnteraz, 30 Mart 2018, 21:40

Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində İmamlar atası, İslam dünyasının nüfuzlu rəhbəri və alimi, Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin vəsisi Hz.İmam Əlinin (ə) ad günü münasibəti ilə mərasim qeyd olunub. Gürcüstan Müsəlmanları İdarəsindən verilən məlumata görə, mərasimdə elm, din və ictimaiyyət xadimləri, dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan din xadimləri və yerli müsəlmanlar iştirak edib. Tədbirin aparıcısı Axund Sabin Cəfərov, Axund Məhəmməd Hüseynovun Quran tilavətindən sonra təbrik və çıxış üçün sözü Bolnisinin Baş Axundu Hacı İfrət Əhmədova verdi. O, İmam Əlinin (ə) Quranın düzgün müfəssiri və İslamın kamil müəllimi olduğunu söyləyərək İslamı düzgün öyrənmək sahəsində məhz onun əsl meyar və qaynaq olduğu barədə geniş məlumat verdi. Sonra səhnəyə dəvət edilən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Hz. Əlinin (ə) simasında əsl insanlığın sifətlərindən, “İslam”, “İman” və “Bəndəliy”in şərtləri haqda söhbət etdi. Danışan və canlı Quran olan imamın fəzilətlərindən və yüksək insani keyfiyyətlərin müsəlmanlar üçün düzgün nümunə olması haqqında ətraflı məlumat verdi.