Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

  • 0
    paylaşım
  • 11

Bakı, Orxan Kərimov, İnteraz, 03 Aprel 2018, 12:53

Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Təhsil və Vergilər nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, vergilər nazirinin müavini Sahib Ələkbərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış ediblər. Bildirilib ki, ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni bir layihəyə start verilib. Bu layihə ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur. Qeyd edilib ki, bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək, insan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbatları nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq.