Gəmiçiliyin 160 illiyinə həsr olunmuş sərgi açılıb

  • 0
    paylaşım
  • 10

Bakı, Orxan Kərimov, İnteraz, 10 Sentyabr 2018, 11:48

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb. Bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar. Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş olunur: “Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür”.