İlham Əliyev: Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır

Siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz

  • 80

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 09:38

"Hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq".

İnterAz-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Ölkə başçısı deyib ki, bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur: "Siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb.

Yəni, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır".