AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub

Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 14:17

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.

İnterAz "APA"ya istinadən xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib. 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.

Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib. 

Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar.