AŞPA növbəti dəfə ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi - Əli Həsənov

Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 09:28

"Hesab edirəm ki, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi".

İnterAz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib.

"Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir. Açıq - aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər", - deyə Ə. Həsənov vurğulayıb.