Qüds işğal edilmiş Fələstin torpağıdır - səfir

Trampın çıxışı bütün fələstinlilər, ərəblər, müsəlmanlar, xristianlar və dünyada olan sülh tərəfdarlarının hisslərinə qarşı təxribatçı çıxış idi

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 16:03

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarı Fələstinin sülh cəhdlərinə vurulan güclü, dağıdıcı zərbə olaraq qiymətləndirilir. O, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərazilərin işğal edilməsinə dəstək verdiyini açıq şəkildə elan  edib.

 

İnterAz xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri SalamNews-a Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair mövqeyi barədə münasibət bildirərkən deyib.

 

Səfir deyib ki, beynəlxalq qanunvericilik baxımından Şərqi Qüds işğal edilmiş Fələstin torpağıdır: “Təəssüf ki, o Netanyahunun rəhbərlik etdiyi müstəmləkiçi, şovinist bir hökumətin yanında vasitəçi olmağa qərar verib. Bu hökumətdə ədalətli sülhə inanmayan, açıq şəkildə sülh cəhdlərinə olan düşmənçilikləri haqqında danışan və fələstinlilərə qarşı öz irqçiliklərini göstərən ən qatı ekstremist sionistlər cəmləşib. Bu yeni vəziyyətin fonunda ABŞ-ın bu qeyri-qanuni elanından sonra konstruktiv rol oynaması mümkünsüzdür. Təəssüf ki, D.Trampın çıxışı bütün fələstinlilər, ərəblər, müsəlmanlar, xristianlar və dünyada olan sülh tərəfdarlarının hisslərinə qarşı təxribatçı çıxış idi. O zülm və ekstremist qüvvələrə pulsuz hədiyyə bəxş edib”.