MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb

Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Fevral 2018, 13:03

 Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının Azərbaycanda növbədənkənar Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb.

 

İnterAz xəbər verir ki, bu barədə "Report"a MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, MDB PAA DİMBİ-i monitorinqi aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq təsdiq olunan İş Planına əsasən aparır.

 

Müxtəlif istiqamətlərdə həyata keçiriləcək uzunmüddətli monitorinqlər seçkilərin elan edilməsindən rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək. MDB PAA DİMBİ Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və filialların ekspertləri bu bölgələrdə monitorinqlər aparacaqlar.

 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.