Parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Fevral 2018, 13:32

 Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinin - bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

 

İnterAz xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. 

 

O bildirib ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1 979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib.

 

Ötən il 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub. Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb.

 

Qeyd olunub ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub. 24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb.

 

2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub, bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır.

 

Məruzə müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.