Bakıda Küveytin milli bayramı qeyd olunub

Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 23 Fevral 2018, 16:52

Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 57-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

 

İnterAz xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azad edilməsinin 27-ci ildönümünə həsr olunduğunu bildirib. Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

 

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O, Prezident İlham Əliyevin Küveytə rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyini vurğulayıb. Səfir bildirib ki, ölkələrimiz arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir. Ötən il Küveytdən Azərbaycana 16 min 477 turist gəlib ki, bu rəqəm 2016-cı illə müqayisədə 9 dəfə çoxdur.

 

Gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir dost ölkənin Azərbaycan ilə ikitərəfli formatda və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib.

 

Azad Rəhimov deyib ki, Küveytin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini daim dəstəkləməsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Nazir vurğulayıb ki, 2016-cı ildə ölkələrimiz arasında hava əlaqəsi haqqında hökumətlərarası sazişin imzalanması münasibətlərimizin getdikcə daha da möhkəmlənməsi və dərinləşdirilməsi istiqamətində atılmış mühüm addımdır.

 

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.