Prezident seçkilərində səsvermə başa çatıb

Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb

  • 503

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Aprel 2018, 19:07

Azərbaycan Respublikası Prezidentinin seçkiləri başa çatıb.

 

İnterAz xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə 215 seçki məntəqəsi fəaliyyət göstərib.

 

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 17:00-a olan məlumatına görə, səsvermədə 3 milyon 716 min 135 seçici iştirak edib. Bu, prezident seçkilərində qeydə alınmış seçicilərin 69,93 faizini təşkil edir. Seçici fəallığına dair ilkin yekun məlumat bir qədər sonra açıqlanacaq.

 

Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.

 

Seçki prosesini 61 beynəlxalq təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi izləyib. Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.

 

Xatırladaq ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparır.