Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 16 May 2018, 13:16

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

Nümayəndə heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

 

Tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər.