Niderland mətbuatında Azərbaycanla bağlı “Möcüzələr ölkəsi” yazısı dərc olunub

Şəkiyə gəlib Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu yazıda xüsusi qeyd olunub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 09 Avqust 2018, 17:24

Niderland mətbuatında Azərbaycandan, ölkənin turizm imkanlarından bəhs olunan “Möcüzələr ölkəsi” yazısı dərc olunub.

 

İnterAz "Report"a istinadən xəbər verir ki,soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovun hazırladığı yazıda qeyd olunub ki, Azərbaycan dünyada yalnız neft ölkəsi kimi deyil, Nizami, Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov, Qara Qarayev kimi şair, yazıçı, bəstəkarlarla da tanınır.

 

"RFG Magazine" nəşrində dərc olunan yazıda son vaxtlarda Azərbaycana çoxsaylı turistlərin gəldiyini qeyd edən müəllif ölkəmizə gələnlərin marağını cəlb edən Yanar Dağdan söhbət açır, Qubaya, Qusara olan səfərlərindən bəhs edir. 

 

Yazının əsas hissəsində isə Azərbaycanın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797-ci ildə inşa edilib və sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkinin qədim küçələrindən bəhs edən soydaşımız şəkililərin çox yardımsevər, qonaqpərvər olduğundan da bəhs edərək qeyd edib ki, əgər sən küçədə kimdənsə bir ünvan soruşsan, həmin şəxs səninlə bərabər axtardığın ünvana qədər sənə bələdçilik edə bilər. Şəkiyə gəlib Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu yazıda xüsusi qeyd olunub. 

 

“Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə yenə də getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən” – müəllif yazısını bitirib.