İki dövlət qurumu qanunsuz tikintilərlə mübarizə sahəsində birgə fəaliyyət göstərəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında memorandum imzalanıb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 10:21

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

İnterAz-ın xəbərinə görə, imzalanma mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib ki, son illər ərzində ölkənin bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti və quruculuq işləri nəticəsində ölkə şəhərləri günü-gündən abadlaşır.

 

O qeyd edib ki, şəhərlərin inkişafı, müasir tələblərə cavab verən şəhər infrastrukturunun yaradılması, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində uğurla reallaşdırılan çoxsaylı layihələrlə yanaşı, bəzi hallarda bu sahədə bir sıra nöqsanlara və qanun pozunularına da yol verilib, şəhərsalma, tikinti norma və standartları gözlənilməyib.

 

İki qurum arasında imzalanan Əməkdaşlıq Memorandumunun əhəmiyyətinə toxunan S.Nuriyev təşkil olunacaq sıx əməkdaşlıq nəticəsində şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulayıb: “Bu əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyət ölkə ərazisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönələcək”.

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini qeyd edərək, korrupsiyaya qarşı mübarizədə qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

O qeyd edib ki, hazırki sənədin imzalanması həm tərəflər arasında korrupsiyaya qarşı birgə mübarizənin aparılması, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq komitəsində mühüm rola malikdir. 

 

K.Əliyev tikinti və şəhərsalma sahəsində qanunçuluğun təmin edilməsi, dövlət və cəmiyyətin maraqlarının qorunmasının prioritet məsələ olduğunu vurğulayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə aparılan araşdırmalar, yol verilən korrpsiya hüquqpozmaları, onların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş təqdimatla çıxış edib.

 

Daha sonra Anlaşma Memorandumu imzalanıb.