Azərbaycan Prezidenti: "Ermənistan beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir"

Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həm dost mövqeyidir, həm də ədalətli mövqedir

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 15:05

"Tacikistana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığımı bildirmək istərdim. Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır". 

 

İnterAz xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmonla birgə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.  

 

"Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyə dövlət başçısı vurğulayıb.