Moskvada Azərbaycanın əleyhinə təxribat xarakterli konfrans keçirilib

Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan K.Zatulin söyləyib ki, 1991-ci ildə həm Azərbaycan xalqı, həm də digər Qafqaz xalqları məhz Rusiya sayəsində müqəddəratlarını təyin etdilər və müstəqilliklərini qurdular

Moskva, Roman Ağayev, İnteraz - 01 Noyabr 2013, 11:25

Moskvada 1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsinin 200 illiyinə həsr olunmuş konfrans keçirilib.

 

İnterAz-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, MDB Dövlətləri İnstitutu və Rusiya Erməniləri İttifaqının birgə təşkil etdikləri konfrans Rusiya Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Prezident" otelində baş tutub.

 

Təxribat xarakterli konfransda təşkilatçılar tərəfindən əvvəlcədən və məqsədyönlü şəkildə Azərbaycanın əleyhinə böhtan, təhqir və ölkəmizin tarixi və müasir reallığı barədə faktların saxtalaşdırıldığı olduqca radikal bəyanatlar verilib.

 

Rusiyanın qələbəsi, Qafqaz və Cənubi Qafqazın ona qoşulmalarından danışan MDB Dövlətləri İnstitutunun direktoru Konstantin Zatulin erməni himayədarlarının sifarişini yerinə yetirərək Ermənistana məxsus olduğunu söylədiyi Qarabağ xanlığının Rusiyaya daxil olmasının vacibliyi üzərində dayanıb. O bildirib ki, “doğma və tarixi erməni torpağı olan Qarabağı onlara qaytarmaqla Rusiya qardaş erməni xalqının təyin-müqəddəratını təmin edib.”

 

Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan K.Zatulin söyləyib ki, 1991-ci ildə həm Azərbaycan xalqı, həm də digər Qafqaz xalqları məhz Rusiya sayəsində müqəddəratlarını təyin etdilər və müstəqilliklərini qurdular.

 

Konfrans iştirakçılarından birinin “Azərbaycan tarxiçilərinin də konfransda iştirak etmələri yaxşı olardı” atmacasına cavabında K.Zatulin həyasızcasına və yalandan, guya, institutun onları dəvət etdiyini, lakin qarşı tərəfin bu dəvəti qəbul etmədiyini bildirib.