Ramazan ayında ilahi bir səs can və ruhumuzu böyük bir ziyafətə çağırır

Bu gün hicri-qəməri təqvimi ilə müqəddəs Ramazan ayı daxil oldu

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 17 May 2018, 16:18

Bu gün hicri-qəməri təqvimi ilə müqəddəs Ramazan ayı daxil oldu.

 

İnterAz xəbər verir ki, yenidən ilahi bir səs can və ruhumuzu  böyük bir ziyafətə çağırıb, aktual həyat məqamından bizi gözəl həqiqətə yönəldir.

 

İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib edilib. Bu barədə Qurani-Kərimin «Bəqərə» surəsinin 183-cü ayəsində buyurulub.

 

Oruc özü-özlüyündə bir ibadət olmaqla yanaşı, həm də maddi-mənəvi bir pəhrizdir. İnsan oruc tutarkən fiziki baxımdan ac qalaraq, öz əzalarını haram və pisliklərdən çəkindirəcək mənəvi bir toxluğa sahib çıxmalıdır.

 

Ramazan ayında səmanın qapıları açılar. Böyük bir bayram təşkil edilər. Hər kəs Allahın ev sahibliyi etdiyi bu mənəvi bayrama qoşula bilər. Sübhün fəcrindən günəşin batışına qədər imsaq edilər. Amma əsas olan bu deyil.

 

Əsas olan yemək və içməkdən çəkinməklə yanaşı günaha girməkdən, çirkinlik və əxlaqsızlıqlardan çəkinməkdir. Bunun cavabı olaraq İlahi rəhmət insanı fəsad və pislikdən uzaq tutar. 

 

Ona görə də, çalışaq bu ayın bəhrəsini əldən verməyək.