Orucu batil edən əməllər hansılardı?

Bu müqəddəs ayda oruc tutan insanlar müəyyən hökmlərə riayət etməlidir, əks halda tutduğu oruclar batil olar

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 23 May 2018, 17:43

Mübarək Ramazan ayının İlahi rəhmət və bərəkətlə dolu günlərini yaşayırıq.

 

İnterAz xəbər verir ki,  bu müqəddəs ayda oruc tutan insanlar müəyyən hökmlərə riayət etməlidir, əks halda tutduğu oruclar batil olar.

 

Orucu batil edən əməllər arasında ilk yerdə yemək və içmək durur.

 

Əgər oruc tutan şəxs bilərəkdən yeyərsə və ya içərsə, orucu batil olur. Batil etdiyi orucun hər bir günün qəzasını tutmalı və həm də onun kəffarəsini (ya bir qul azad etmək, ya iki ay oruc tutmaq və ya yaxud altmış fəqiri doyuzdurmaq) verməlidir. Əgər yeyib-içməyi haram olan qidalarla orucunu batil edərsə, bu halda yuxarıda qeyd etdiyimiz kəffarələrin hər üçünü və ya bəzisini yerinə yetirməlidir.Əgər oruc tutan şəxs səhvən və ya unutqanlıq üzündən bir şey yeyər və ya içərsə orucu batil olmaz.

 

2. Cinsi əlaqə

 

Əgər oruc tutan şəxs bilə-bilə cinsi əlaqədə olarsa orucu batil olar. Əgər oruc tutmağını unudub yaxınlıq edərsə orucu batil olmaz. Amma cinsi yaxınlıq zamanı yadına duşə ki, oruc tutub dərhal bu işi tərk etməlidir. Cinsi yaxınlığı tərk etməsə orucu batil olar. Bu zaman ona həm orucun qəzası, həm də kəffarəsi vacib olur.

 

3. İstimna

 

Əgər insan öz istəyi ilə istimna (özü özündə şəhvət hissi yaradaraq sperma ixrac etmək) edərsə bu zaman orucu batil olur. Qeyd etdiyimiz kimi ona orucun qəzası və kəffarəsi vacib olur. Əgər özündən ixtiyarsız olaraq məni (sperma) xaric olarsa, orucu batil olmaz.

 

4. Allah, Peyğəmbər və İmamların dilindən yalan danışmaq

 

Hər kəs qəsdən Allahın, Peyğəmbərin və İmamların dilindən yalan söyləyərsə (yazmaq, işarə etmək və bu kimi əməllər) orucu batil olur. Əgər Allahdan, Peyğəmbərdən və ya İmamlardan rəvayət olaraq bir şeyin düzgün olduğuna etiqad edib onu söyləyərsə və sonradan onun yalan olduğu ortaya çıxarsa, bu zaman orucu batil olmaz.

 

5. Qatı tozu udmaq

 

Oruc tutan şəxs bilə-bilə qatı tozu udarsa orucu batil olur. Həmçinin ehtiyatən vacibdir ki, həmin şəxs siqaret, tənbəki tüstüsü və s. bunun kimi şeylərdən də özünü qorusun. Əgər oruc tutduğunu unudub və ya özündən asılı olmayaraq, toz və bu kimi şeylərdən udarsa zaman orucu batil olmaz.

 

6. Başı tamamilə suya batırmaq

 

Oruc tutan şəxs bilərəkdən başını tamamilə suya batırarsa, bu zaman orucu batildir. Əgər özünün oruc tutduğunu unuda və ya ixtiyarı olmadan başı tamamilə suya batsa onun orucu batil olmaz.

 

7. Sübh azanı zamanı cənabət, heyz və nifas halında qalmaq

 

Əgər bir adam boynunda vacibi qüsl olduğu halda sübh azanına qədər qüsl almasa və ya təyəmmüm vacib olan halda təyəmmüm etməsə onun orucu batil olar. Əgər Ramazan ayı gecəsi cənabət qusulu olan şəxs sübh azanına qədər oyana biləcəyinə əmin deyilsə, yatmamışdan öncə qüsl etməlidir.

 

8. Maye ilə imalə etmək

 

Axıcı (maye) şeylərlə imalə etmək, hətta çarəsizlik və müalicə məqsədi ilə olsa belə, orucu batil edir.

 

9. Qusmaq

 

Əgər oruc tutan şəxs qəsdə qusarsa orucu batil olur. Əgər özündən asılı olmayaraq qusarsa, orucu batil olmaz.

 

Lakin, təkcə yuxarıda qeyd etdiklərimizdən qorunmaqla kifayətlənməməliyik. Belə ki, Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Oruc tutmaq təkcə yeyib içməkdən çəkinmək deyil. Oruc tutduğunuz halda dilinizi yalandan, gözlərinizi haram olan şeylərə baxmaqdan, çəkişmədən, həsəd aparmaqdan, qeybət etməkdən, təkəbbürlükdən, biri-birinizə qarşı ziddiyyət yaratmaqdan, söyüş söyməkdən, zülm etməkdən, qan tökməkdən və digər pis əməllərdən qoruyun. Allahın zikrindən və namazdan da qəflətdə olmayın" (əl-Əmali c.1 s.295).

Ən çox oxunan