İmam Həsən (ə) həyatı boyu daim insanların hidayəti üçün, onlara yol göstərmək üçün çalışıb

Bu gün müsəlmanların ikinci imamının doğum günüdür

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 31 May 2018, 17:45

İmam Həsən ibn Əli (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-ci gecəsində Mədinə şəhərində dünyaya göz açıb. Adı babası islam Peyğəmbəri tərəfindən Həsən qoyulur. İmam Həsən (ə) Peyğəmbərin dövründə az yaşayıb. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən İslam peyğəmbəri (s) dünyadan köçüb.

 

İmam Həsən (ə) atası İmam Әli (ə) və anası Həzrət Fatimeyi-Zəhranın (ə) tərbiyəsi altında böyüyüb. Babasının, eləcə də atasının elm məktəbindən faydalanıb. 

 

Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra İmam Həsəni qucağına alıb belə buyurub: "Hər kim məni sevirsə, Həsəni də sevsin". Başqa bir hədisində isə belə buyurub: "Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır".

 

Həzrət İmam Həsən atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamətə çatıb. O, həmçinin 6 ay müddətinə xilafət məqamında olub və müsəlmanların işlərini idarə edib.

 

İmam Həsən on il davam edən imamətinin bütün dövrünü son dərəcə çətin vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşayıb. Onun, hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının vasitəsilə zəhərləndirilərək şəhid edilir. Mübarək nəşinin babası İslam peyğəmbərinin yanında dəfn edilməsinin qarşısı da alınır.

 

Həzrətin mübarək məzarı Mədinənənin Bəqi qəbiristanlığında İmam Zeynulabidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqlə (ə) yanaşı yerləşir.

 

İmam Həsən (ə) bərəkətli həyatı boyu daim insanların hidayəti üçün və onlara yol göstərmək üçün çalışırdı. İnsanlarla, hətta düşmənlərlə elə gözəl rəftar edirdi ki, hamının diqqətini özünə cəlb edirdi. 

 

Biz də bu gözəl mövlud günü münasibətilə bütün müsəlmanları təbrik edirik. 

 

Ən çox oxunan