Bu gün məşhur tarzən Elxan Mansurovun 59 yaşı tamam olur

Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 21 Fevral 2014, 10:44

Elxan Mansurov 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulub. Tar çalmağı uşaq yaşlarından atasından öyrənib.

Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 42 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlayıb. Bunlardan Nəzakət Teymurova - Leyli, Şahsənəm və Əsli; Gülüstan Əliyeva - Leyli, Şahsənəm, Əsli və Ərəbzəngi; Lalə Məmmədova - Leyli; Alim Qasımov - Məcnun və Qərib; Səbuhi İbayev - Məcnun, Qərib və Şah İsmayıl; Simarə İmanova - Leyli və Şahsənəm; Mələkxanım Eyyubova - Leyli; Zahid Quliye - Məcnun; Təyyar Bayramov - Şah İsmayıl və İbn-Salam; Gülyaz Məmmədova - Şahsənəm və Əsli; Aygün Bayramova - Şahsənəm və Əsli; Mütəllim Dəmirov - Qərib və İbn-Salam; Vüsalə Musayeva - Leyli; İlkin Əhmədov - Məcnun; Rafiq Əliyev - Məcnun və Şah İsmayıl; Elnur Zeynalov - Qərib, İbn-Salam və Məcnunun atası; Nəzər Bəylərov - İbn-Salam və Zeyd - adlarını çəkmək olar.

Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir. Elxan Mansurov 2005-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. Dəfələrlə xarici ölkələrdə - Finlandiya, Türkiyə, İraq, Rusiya və Orta AsiyadaAzərbaycan musiqisini öz ifası ilə təbliğ edib. Onun ifasında yazılmış CD və DVD disklər Fransa, İran, Kanada, Almaniya, Türkiyədə istehsal olunub yayımlanır.

Elxan Mansurov 2005-ci ildə qardaşı, bəstəkar Eldar Mansurovun məşhur "Bəhramnamə" layihəsində solo tar partiyalarını ifa edib.

Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.
Tarzən Bəhram Mansurovun oğludur.
Bəstəkar Eldar Mansurovun qardaşıdır.
Kinooperator Aydın Mansurovun qardaşıdır.