Lerik rayonunda 120-180 min il əvvəlaə aid insan yaşayışı aşkar olunub

Rayonunun təbii coğrafi şəraiti, burada ibtidai insanların məskunlaşması üçün əlverişli mağaraların mövcudluğu, ərazidə paleolit abidələrinin geniş yayılması bunu deməyə əsas verir

Bakı, Vüsal Nəbiyev, İnteraz - 22 Fevral 2014, 11:06

Öz tarixi abidələrilə zəngin olan Lerik rayonunda 20-dən artıq mağara mövcud olsa da yalnız bu mağaralardan ikisində, Buzeyir və Zuvand çay mağaralarında qismən tədqiqat işləri aparılıb.


Büzeyir mağarasında aparılan arxeoloji qazıntılar zamanı 5 mədəni təbəqə qeydə alınıb ki, onlardan da üst təbəqələr eneolit-tunc, alt təbəqələr isə paleolit dövrünə aiddir. Mağaranın uzunluğu 12, eni 5-6, hündürlüyü isə 2,5 metrə çatır. Azıxdan sonra, Büzeyir mağarası ölkədə ən qədim, insan məskənidir. Mağara, üçüncü geoloji dövrə aiddir və vulkanik yolla əmələ gəlib. Aparılan arxeoloji qazıntılar zamanı Büzeyir mağarasında tapılan daş məmulatlarının texniki və tipoloji xüsusiyyətləri sübut edir ki, buradakı əmək alətləri 80-100 min il bundan əvvəl hazırlanıb. Buzeyir kəndi yaxınlığında Zuvandçay poleolit düşərgəsində aparılan araşdırmaların nəticəsi olaraq tapılan maddi mədəniyyət nümünələri burada 120-180 min il bundan əvvəl insanların məskunlaşdığını deməyə imkan verir.

Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən mağarada digər maraqlı məqam poleolit dövrünə aid təbəqədə ocaq izlərinin aşkarlanmasıdır. Qazıntılar zamanı düşərgədə tapılan fauna qalıqları burada yaşayan ulu sakinlərin ovçuluqla məşğul olduğunu sübut edir. O dövürdə yaşayan insanlar
 bədən qurluşuna görə müasir insanlardan fərqli olub.

Mağaralarda aşkarlanan maddi-mədəniyyət nümunələri zaman-zaman tarixçilərin diqqətini cəlb edib, müxtəlif tədqiqat işləri aparılsa da mağaranın tam tədqiqi başa çatdırılmayıb.

Burada tapılan əşyalar mağaranın tarixinə dair ilkin məlumatlar deməyə imkan verir. Tədqiqatlar nəticəsində daha maraqlı faktların ortaya çıxması istisna edilmir. Bu məqsədlə Zuvandçay sahillərində arxeoloji tədqiqatların davam etdirilməsi vacib hesab olunur. Qeyd edək ki, buradakı tapıntılar, ölkəmizin ən qədim dövrə aid olan ilk insan məskəni kimi sübuta yetirilib.