"Difai" partiyası tariximizin parlaq səhifəsidir

Partiyanın əsas məqsədlərdən biri də xalqın milli şüurunun oyanması, elmin inkişafı olub

Gəncə, Qalib Rəhimli, Vüsal Nəbiyev, İnteraz - 21 Aprel 2014, 15:40

Gəncədə yaradılan "Difai"nin məqsəd və məramı haqqında məlumat əldə etmək istəsək də qədim şəhərin heç bir muzeyində əsaslı dəlillərə rast gəlmədik. Elə bu səbəbdən də tarixçilərə üz tutduq və Bakıdan - Batuma, Qarabağdan - Dağıstana kimi gеniş şöhrət qazanan təşkilat haqqında məlumat əldə etmək istədik. AMEA-nın Gəncə bölməsinin direktor müavini Samir Pişnamazzadə deyib ki, "Difai" Gəncədə mənim ulu babam Məhəmməd Pişnamazzadənin evində yaranıb.

Ən dəhşətli hal budur ki, "Difai" hələ də çox dövlətlərdə terror təşkilatı kimi tanınır. Yəni Azərbaycan tarixçiləri XX əsrin əvvəllərində sırf ölkənin ərazi bütövlüyünü qorumaq üçün yaranan partiyanın əsas məramını hələ də dünya ictimaiyyətinə çatdıra bilməyiblər. "Difai" sözünün mənası isə bütün qaranlıqlara aydınlıq gətirir.

Əslində "Difai" partiyası Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-siyasi bir qurum olub və şəriət qanunlarına uyğun fəaliyyətini tənzimləyib. Əsas məqsədlərdən biri də xalqın milli şüurunun oyanması, elmin inkişafı olub. Təbii ki, milyonlarla azərbaycanlı qanına susayan, onlara işgəncə və ölüm gətirən böyük rütbəli çar zabitlərinə qarşı da amansız olub. Dinimizi, müqəddəs məkanlarımızı təhqir edənləri layiqli formada cəzalandırıb.

Bu gün Gəncənin qədim qəbristanlığında "Difai" partiyasının fədailərini ziyarət yeri olsa da bu yetərli deyil. Samir Pişnamazzadə hesab edir ki, ən azından onların fəaliyyətlərini əks etdirən nə varsa toplanmalı və gələcək nəsillərə ötürülməlidir.

Biz qürur duyulan məsələlərə, tarixi həqiqətlərə çox zaman vaxtında qiymət vermirik. Ya gecikirik, ya da laqeyidliyə qurban veririk. Bu isə nəticədə bizim kökümüzdən və şərəfli tariximizdən uzaqlaşmağa gətirib çıxarır.